Paralimpiya oyunlarının yüngül atletika yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək
Sentyabrın 6-da Çinin paytaxtı Pekində Paralimpiya oyunlarının startı veriləcək. Paralimpiya oyunlarının yüngül atletika yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Oyunlara yollanacaq atletlərimiz hazırlığı davam etdirirlər. Heyətdə uzunluğa tullanma yarışlarında Afina Olimpiadasının qızıl və gümüş medallarını qazanmış Oleq Panyutin, həmçinin Ziynəddin Bilalov da var. Digər 4 atletimiz ilk dəfə paralimpiya oyunlarında debüt edəcək. Qaçış cığırında Vüqar Mehdiyev, Elçin Muradov və Rza Osmanov onlara olan etimadı doğrultmalıdırlar. Vladimir Zayeç isə uzunluğa tullanma yarışlarında bacarığını nümayiş etdirəcək. Olimpiya qızılına iddialı Uluxan Musayev isə yadro itələmə yarışlarında medal qazanmağa çalışacaq. Komanda rəhbərliyi bu idmançılardan uğurlu çıxış gözləyir.
Atletika komandasının baş məşqçisi Sergey Təhməzov, “Uşaqlar hamısı yarışa yaxşı hazırlaşıblar. Onların hər birindən sürpriz gözləmək olar. Hər biri medal qazana bilər. Biz 2004-cü il Paralimpiya oyunlarında iki medal qazanmışdıq. Qızıl medalı uzunluğa tullanma yarışlarında Oleq Panyutin, gümüş medalı isə 3 təkanla uzunluğa tullanan Ziynəddin Bilalov əldə etmişdi. İndi heyətimiz daha güclüdür. Say baxımından da belədir. Düşünürəm ki, biz ölkəmizi bu oyunlarda da layiqincə təmsil edəcəyik".
Qeyd edək ki, paralimpiyaçılarımız sentyabrın 1-də Pekinə yollanacaqlar. Yüngül atletika yarışlarında çıxış edəcək Azərbaycan idmançıları isə sentyabrın 8-dən etibarən Pekin Paralimpiya Oyunlarının medalları uğrunda mübarizəyə başlayacaqlar.
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 30
Açar sözlər:


