Devid Milibend: "Postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır"
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində paytaxt Kiyevə gələn Böyük Britaniya rəsmisi Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko ilə görüşüb. Rusiyanın tanınmamış Abxaziya və Cənubi Osetiya ilə bağlı qərarına münasibət bildirən britaniyalı nazir qeyd edib ki, Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və Rusiyanın təcavüzkarlığına qarşı Ukrayna ilə birlikdə koalisiya yaradılacaq. Onun sözlərinə görə, Böyük Britaniya və Ukrayna yeni soyuq müharibənin başlamasını istəmirlər. O, həmçinin bildirib ki, əgər Rusiya hörmət və nüfuz istəyirsə, öz siyasətində dəyişiklik etməlidir.
Ukraynanın xarici işlər naziri Vladimir Oqruzko isə deyib ki, Ukrayna və Gürcüstan NATO-ya üzv qəbul edilsə, hər iki ölkə özlərini daha təhlükəsiz hiss edəcəklər və bu, onların təhlükəsizliyi üçün ən əhəmiyyətli zəmanət olacaq. Devid Milibend isə əlavə edib ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə həmkarını narahat olmamağa çağırıb. "Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki bu münaqişələrin həlli üçün danışıqlar aparan şəxslər Mixail Saakaşvili deyil. Moldova və Azərbaycanda Mixail Saakaşvili kimi, ağlını itirmiş, öz ölkəsini dağıdan, güc yolu ilə münaqişə həll edən liderlər yoxdur. Halbuki Gürcüstan rəhbərliyi Cənubi Osetiya və Abxaziyada məhz bunu etmişdi. Odur ki, bu məsələ ilə bağlı Milibendi arxayın etmək istərdim”, deyə S.lavrov qeyd edib.
Siyasət | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:

