Gürcüstanla Rusiya arasında növbəti dəfə əsirlərin dəyişdirilməsi prosesi baş tutub
Gürcüstanla Rusiya arasında növbəti dəfə əsirlərin dəyişdirilməsi prosesi baş tutub. Gürcüstanın ombudsmanı Sozara Subari bildirib ki, Avropa Şurasının insan haqqları üzrə komissarı Tomas Hammerberq Tsxinvali şəhərindən Qori şəhərinin yaxınlığında yerləşən Karaleti kəndindəki Rusiya sülhməramlılarının postuna 7 gürcü əsirini gətirib. Gürcü tərəfi də öz növbəsində 5 Rusiya əsirini azad edib. Ombudsmanın sözlərinə görə, azad olunan gürcü əsirlərindən 2-si hərbçi olub. O, əsirlərin vəziyyətinin normal olduğunu bildirib.
Qeyd edək ki, azad olunan rus əsirləri arasında 3 nəfər sıravi vətəndaş olub. Xatırladaq ki, onlar 2 gün əvvəl Batumi limanında cəsusluqda şübhəli bilinərək saxlanılmışdılar. Bir gün əvvəl Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteletiya Rusiya tərəfinin hələ də 12 gürcü hərbçisini əsirlikdə saxladığını bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedev tərəfindən əsirlərin qaytarılması haqqında razılaşma imzalandıqdan sonra rus hərbçilərinin Poti limanında 22 gürcü hərbçisini əsir götürməsi bütün dünya ictimaiyyətinin qəzəbinə səbəb olmuşdu. Nazir müavini həmçinin iddia edir ki, əsir götürülmüş 22 gürcü hərbçisindən yalnız 10 nəfəri qaytarılıb, qalanları isə hələ də əsirlikdə saxlanılır
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:

